Ruhəngiz Qasımova-70

(20.10.2010-Bakı ADF)

Yeddi, nöqtə sıfır, məktəb-uşaqlıq,
Bir, yeddi, nöqtə, sıfır, gənclik-təlaşlıq.
Yeddi, sıfır, nöqtə, gəncliyə başlıq,
Bir qız var, bir anın verməz güdaza-
yol gedir Ruhəngiz doqquz-doqquza.

Vasiflə bir yerdə dolubdur yaşa,
İlkinlə, Canana – övladlar qoşa.
Gözəl nəvələri, sanki tamaşa,
Naz edər, naz verər ən nazlı qıza-
yol gedir Ruhəngiz doqquz-doqquza.

Hər yeni nəğməsi dillərdə əzbər,
Təbi təlatümlü, coşqun bir Xəzər.
Üzündən nur yağar, mələyə bənzər,
Dad qatar şeirə, sözə, avaza-
yol gedir Ruhəngiz doqquz-doqquza.

Səsində həzinlik, xoş bir məlahət,
Fəxrəddin dostluqla duyur fəxarət.
Varlığın bu elə, yurda şərafət,
Bu yubiley günündə mizrab vur saza-
yol gedir Ruhəngiz doqquz-doqquza.
12.07.2010-Bakı

Advertisements
Published in: on Avqust 18, 2010 at 7:52 səhər  Şərh yaz  

“Sevənlər qocalmır” (Şairin 55 illik yubileyi münasibətilə özü özünə etdiyi poetik ərməğan. Şeirlər toplusu)

Kateqoriya: Yeni ədəbiyyat
Müəllif: Fəxrəddin Meydanlı
Təsvir: Son illər ədəbiyyatımızda yazıb-yaradanların arasında fərqlənən şair Fəxrəddin Meydanlı “Sevənlər qocalmır” adlı şeirlər toplusu müəllifin oxunövbəti poetik görüşü də saymaq olar. Sevgi, həyat sirləri, insan duyğuları, vətənə olan məhəbbət və b. mövzulu şeirlər oxucuların maraqına səbəb olacaq…

Kitabı yüklə
http://www.kitabxana.net/?oper=readBook&id=472

Published in: on Avqust 12, 2010 at 10:05 səhər  Şərh yaz  
Tags: ,

…kölgəsində

İnsan məğrur olar el kölgəsində,
Bülbül qərar tutar gül kölgəsində.
Bir sözü deməmiş götür-qoy eylə,
Üzün qaralmasın dil kölgəsində.

Ürəklə getməsən ayaq yorular,
Lilli su yan alar, göldə durular.
Zirvə var, baxanda gözün qaralar,
Dağ da var, sərindi yel kölgəsində.

Deyirlər yaxşılıq heç zaman itməz,
Çəkilən zəhmətlər hədərə getməz.
Gəlinlik duvağı həyanı örtməz,
Abırsız görmüşəm tül kölgəsində.

Gözəllik xətrinə üzə qovuşma,
Ürəkdən gəlməyən sözə yovuşma.
Haqqı tapdalayıb şəstlə sovuşma,
Qalmaz Haqqın əli əl kölgəsində.

Bir ömür kəsiyi hamımıza bəs,
Çalış gördüyün iş getməsin əbəs.
Səsinin səsini eşitməyən kəs,
Çox bəmlər gizlənib zil kölgəsində.

Adam var heç kimə yetirməz xətər,
Adam var İblisdən, Şeytandan betər.
Fəxrəddin, öz kölgən özünə yetər,
Tülkülər yatışar fil kölgəsində…

Arzu…

Duyğu kimi ürəyində yuva quram,
Uyğu kimi gözlərinlə yatam-duram.

Qana dönüb damarında axa billəm,
Ayna olub mən də sənə baxa billəm.

Qolbaq olub bəzək verəm biləyinə,
Məlhəm olub yaxılam mən ürəyinə.

Sırğa kimi sallanaydım qulağından,
Xoş ətrini iyləyəydim buxağından.

Sinəbəndtək bərq vuraydım ağ sinəndə,
Düymə olub parlayaydım köynəyində.

Arxalıqtək isidəydim bədənini,
Daraq olub darayaydım tellərini.

Qaşın olub daim süzəm yanağını,
Boya olub qızardam gül dodağını.

Yaylıq olub dolanaydım boğazına,
Qul olaydım çıxanda mən pişvazına.

Ömür boyu əlin ola əllərimdə,
Sən olaydın Fəxrəddinin taleyində…

Sevdiyim bir sənsən, bir də ki, bahar…

Yazçağı Günəşin zərrəsi kimi,
Hopaydım ruhuna, isindirəydim.
Sənin həyatını, könül mülkünü,
Baharın özütək bəzəndirəydim.

Sevgi nəğməsini oxumaq üçün,
Qonaydım quş kimi pəncərənizə.
Elə darıxmışam, vallah, səninçün,
Həsrətim sığmayır hətta dənizə.

Qara birçək olub sallana billəm,
O üzdən, bu üzdən yanaqlarına.
Yoluna qatbaqat xalılar düzəm,
Bir daş toxunmaya ayaqlarına.

Öpəm, əzizləyəm, duyam, iyləyəm,
Gözünü oxşayan dünyada nə var.
Car çəkib aləmə bunu söyləyəm,
Sevdiyim bir sənsən, bir də ki, Bahar…

Çəmənin şehi var ayaqlarinda…

Yamacda yağışdan sonra cücərən,
Çəmənin şehi var ayaqlarında.
Sən bir gül ağacı, mən də becərən,
Qanımın rəngi var yanaqlarında.

Ətirin bürüyüb yanı-yörəni,
Fırlanır başına xallı kəpənək.
Məskən eyləmişəm sənin kölgəni,
Qoxunu yaxından duyum mən, gərək.

Arılar sinəndən sorur şirəni,
Balın şirinliyi elə sənmisən.
Meh əsib varaqlar hər bir pərdəni,
Şeirimsən, yaranan nəğmələrimsən…

Published in: on Avqust 12, 2010 at 12:00 səhər  Şərh yaz  

Döşü təpərli Musa Ələkbərli

Şair Musa Ələkbərli ilə şəxsi tanışlığımız heç elə də uzaq tarixə təsadüf eləmir.

Əlbəttə ki, mən də bir oxucu kimi Musa Ələkbərlini çoxdan tanıyırdım – jurnallardan, qəzetlərdən, digər kütləvi informasiya vasitələrinin səhifələrindən.

Biz onunla Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilən müxtəlif çalarlı ədəbi məclislərdə rastlaşanda bir həmkar olaraq nəzakətli salamlaşmalarımız da olurdu.

Ancaq bir dəfə – axşam üstü, tanınmış Azərbaycan şairi, sevimli İlyas Tapdığın təşəbbüsü ilə keçirilən və şairlərdən Oqtay Rzanın, Musa Ələkbərlinin və mənim, yazıçı-publisistlərdən Nahid Hacızadənin, Firuz Mustafanın və Azərbaycan ədəbi tənqidinin flaqmanı hesab etdiyimiz Vaqif Yusiflinin içtirakçısı olduğumuz bir çay məclisindən sonra hərə öz evinə dağılışanda mən Vaqif Yusifli ilə bir istiqamətə – Yeni Əhmədli qəsəbəsi tərəfə gedəcəyimizi söyləyəndə, Vaqif müəllim “Musa Ələkbərli də bizim binada yaşayır”, – dedi.

Biz mənim maşınımla özümüz “özümüz”ə tərəf yol aldıq. Saat 8-i göstərsə də yay günü olduğundan hələ qaranlıq düşməyinə xeyli qalırdı. Biz üçlükdə yeni bir çay süfrəsi arxasında oturub bu və ya digər bizim üçün əhəmiyyət kəsb edən mövzuları bir-birinə calamaqla həlqələdik.

Söhbətimiz o qədər maraqlı, rəngarəng və səmimiyyət çərçivəsində keçdi ki, ayrılanda Musa müəllim hətta bizim bugünkü “üçlüyümüzü” sacayağın bir-birindən ayrılıqda fəaliyyətsiz olan üç ayağı ilə də müqaisə elədi…

Bax beləcə başladı Fəxrəddin Meydanlı-Musa Ələkbərli təmannasız bağlılığı və dostluğu. Biz tez-tez tədbirlərdə və ya şəxsi təşəbüsllərimizlə görüşür, fikir mübadiləsi aparır, ünsiyyətimizə cıqqan ara veriləndə isə umunun-küsünün ucu-bucağı olmur ki, olmur. Ancaq isinişməyimiz də elə bir neçə iradi kəlmələrdən sonra yenidən boy alır.

Adam var ki, uşaqlıqdan tanıyarsan, bir yerdə təhsil alır, bir yerdə boya-başa çatırsan, hətta qohumluq əlaqələrin də olur, ancaq bir-birinə “yapışa” bilmirsən ki, bilmirsən, maqnitin eyni yüklü qütbləri kimi.

Musa Ələkbərli adama yapışqanlı (daha doğrusu “yapışqan”ı olan adamlara), isti-qanlı, səmimi və şairanə davranışı ilə özünü sevdirməyi bacaran və eyni zamanda xoş auralı, müsbət enerji ixrac edən, Allahın xoşsifət məxluqlarındandır.

Musa Ələkbərlinin yaradıcılığı oxucular və ədəbi ictimaiyyət tərəfindən mütəmadi olaraq izlənilir, təqlid edilir, qədirbilən ədəbiyyatşünaslarımızın və ədəbi tənqidçilərimizin qələmində öz obyektiv və qazanılmış qimətini ala bilir.

Musa Ələkbərli həm də hamiyyəçi bir şairdir. Bu da onun ixtsasca müəllim olmağından irəli gələn xüsusiyyətlərdəndir.

O, həm də səriştəli naşir, mahir ədəbi redaktorlardan biridir. Musa Ələkbərlinin adı yüzlərlə kitabın ilk səhifələrinin yuxarı hissəsinə yazılan “Redaktor” sözündən sonrakı yerə öz məsuliyyəti ilə bəzək verir, oxucunu həmin kitaba rəğbətlə yanaşmağa sövq edir…

İş masamı “Prezident mükafatçısı”, “İsa İsmayılzadə adına poeziya mükafatçısı” – şair Musa Ələkbərlinin 2009-cu ilin noyabr ayında öz avtoqrafı ilə mənə bağışladığı, zamanında kiril əlifbası ilə çap olunmuş yeddi kitabına daxil edilmiş şeirlərinin hamısının və səkkizinci kitabına daxil olan şeirlərinin isə bir hissəsinin cəmləşdirilərək “ŞUR” nəşriyyatında 2009-cu ildə latın qrafikası ilə çap edilərək oxucuların diqqətinə təqdim olunan möhtəşəm bir şeir toplusu – “Tanrı mənə söyləməsə yazmaram” adlı 712 səhifəlik bir poeziya çələngi bəzəyir.

Kitaba “İlahidən gələn poeziya” adlı sərlövhə ilə ön söz yazmış kitabın redaktoru – şair Əhmədağa Şahin “Musa Ələkbərlinin şairliyinin ilk vaxtlarından ədəbi gənclik tərəfindən təqdir edildiyini, adının sayılıb-seçilən imzalardan biri olduğunu, dağlarda böyüyüb boya-başa çatmış şairin ilk şeirləri ilə poeziyamıza dağ havasını, bulaq saflığını gətirdiyini, sadəliyinin və səmimiyyətinin ürəkdən gəldiyini, könlündən qopan isti, açıq, mərd sözün dadını-duzunu, ətrini-rahiyyəsini bəxş elədiyini” bildirir. Zənnimcə, haqlıdır bu sözlərin müəllifi.

Bu kitabda yer almış səkkiz bölmədən (“Məndən şeir istə”, “ürəyimin işığında”, “Bəlkə bir də görüşdük”, “Gözlərim yol çəkir”, “Aydanım-Ay işığı”, “Sevgi bulağı”, “Gözümdə ağlayan bulaq”, “Dünya sevgidən doğulub”) ibarət olan Musa Ələkbərli təbinin özünəməxsus şeir nümunələri, əslində azərbaycançılıq simvolikasını – səkkizguşəli ulduzumuzu xarakterizə etməklə, şairin şeir dünyasının göy qurşağına bənzəyən rəngarəng və mövzu müxtəlifliyinə baxmayaraq, eyni zamanda bir-biri ilə həmahəng olan guşələrdən ibarət olduğundan xəbər verir.

“Dağlar” mövzusu Azərbaycan poeziyasında ta Aşıq Ələsgərdən tutmuş bu günkü günümüzə qədər, şairlərimizin çoxsaylı şerirlərində baş yerlərdən birini tutmuş, müxtəlif söz bəzəyi ilə tərənnüm olunmuş, hərə öz “Dağları”ını söz leksikonunadan doğan özünəməxsus bədii obraz biçimində təqdim eləməyə çalışmışdır.

Birincisi, onu deyim ki, dağlarda doğulub, boya-başa çatmış, bəlkə də elə ilhamını, şairliyinin xeyir-duasını, həyat sevgisini dağlardan almış Musa Ələkbərlinın “Dağlar” mövzusunda şeiri olmaya bilməzdi. İkincisi isə onun “Dağlar”ının bədii tərənnümü və hər sətrinin götürdüyü məna yükünün digər “Dağlar”dan fərqlənməməsini qeyri-səmimi qəbul eləyərdim, ona görə ki, Musa Ələkbərli təkcə dağ rayonu olan səfalı Gədəbəydə doğulduğuna görə şair olmayıb və həm də onun xəmrəsi o dağların saf və bərəkətli torpağı, o dağların döşündən – sevgilisinə ərköyüncəsinə göz vuran bir gözəlin gözünü xatırladan – saf bulaq suyu ilə yoğrulub, yapılıb, bişib və halallaşıb.

…Dərə, təpə bir nəğmədi apar, yaz,

Yazsan, səni fikir-xəyal aparmaz.

Tufan qopsa, bircə daş da qoparmaz,

Təbiətin dözümüdür bu dağlar…

Musa Ələkbərli “Dağlar”ından nümunə göstərdiyim təkcə bu bənd, fikrimcə, yuxarıda dediklərimə əsaslı sübut ola bilər.

Şairin “Ehtiyac” adlı şeirini oxuduqca, elə ehtiyacın özünün könül ehtiyacından doğduğunu, ehtiyacın insan həyatındakı danılmaz yerini dərk edir, onun fərqinə varır, şairin bədii düşüncə tərzinin əlvanlığının heyranı olursan.

…Ehtiyac, mənimlə əkiz doğuldun,

Yer var ki, doğmayıq, yer var ki, yadıq.

Göz açdım, könlümə, gözümə doldun,

Nə könlü, nə gözü doyuranmadıq…

Şairin “Bacı oynayırdı qardaş toyunda…” adlı şeirini oxuyarkən, bacının qardaşa, qardaş toyuna olan münasibətinin, səbirsizlikə gözlədiyi bu toy şənliyindəki davranışının, onun sevincinin hüdudsuzluğunun, yorulmadan, sürəkli rəqs eləməsinin hətta – “çalanların heyini kəsməsi”nin bədi tutumlu, obrazlı mənzərənin xəyali səyahətçisinə çevrilir, özünün bu toyun iştirakçsı olmadığına inanmaq belə istəmirsən.

Uçardı, uçmağa qanadı yoxdu,

Elə sona kimi süzə bilirdi.

O hələ yaxşı ki, tab gətirirdi,

Bu boyda sevincə dözə bilirdi.

Bacı oynayırdı qardaş toyunda…

Fikrimcə, şərhə ehtiyac yoxdur…

2010-cu ilin may ayında Ulu Tanrımızın yardımı, Musasevərlərin iştirakı ilə inşallah, mehriban insan, itedadlı qələm sahibi, əziz dostum və dəyərli həmkarım Musa Ələkbərlinin dünyamıza – ən başlıcası isə dünyamızın içində bir dünya olan “şairlik dünyası”na əzm və qürurla, öz özü, öz sözü ilə duruş gətirməsinin 60, həyatının daha uğulu və yaradıcılığının məhsuldar olacaq gələcək baharına qədəm qoyacağının növbəti ildönümünü qarşılamağa hazırlaşdığımız bir ərəfədə ona nə arzulasam daha yerinə düşərdi!?

Ömrü Allah verir. Və nə qədər verirsə, hamı üçün yetərli olur. Can sağlığını hər bir insan gündəlik həyat norması çərçivəsində özü təmin edir. Xoşbəxtlik Allahın hər bir şəxsə bəxş etdiyi şüurlu qərarlar içində qazanılır. İstedad isə bir bulaqdır, varsa mütləq qaynacaq, hətta coşmasa belə süzüləcək, aram-ahəstə…

Sadaladıqlarımın hamısı – bir az az, bir az çox – var Musa Ələkbərli qismətində.

İnsan bir əkinçiyə bənzəyir, o həmişə şumlayır, əkir, becərir bol və bərəkətli məhsul sahibi omaq istəyir və əksərən buna nail olur da. çünkü Allah zəhməti itirən deyil və zəhməti itirənlərdən də xoşu gəlməz Ulu Tanrının.

Məntiqi olaraq, gələcəkdə də bolluca yaradıcılıq arzuları ilə yanaşı, qazancının özünə qismət olmasını və ən qiymətli “həyat məhsulu” sayılan övladlarına çəkdiyi əziyyətin bəhrəsini görməyi, onların evli-eşikli, oğullu-qızlı olmaları ilə yanaşı, barələrində həmişə qulaq sevindirən, üz gülümsədən, göz güldürən xoş sözlərini eştməsini ürəkdən arzulayıram dəyərli həmkarım və dostum döşü təpərli Musa Ələkbəli qardaçıma.

Yüz zirvədən, 60 yamac,

Dünya dağdır, ömür qulac.

Şair dərdi tapmaz əlac-

Qəmgin olar, gəzər dərdli,

Şair Musa Ələkbərli.

Şeiri üzün ağardacaq,

Yüz il yazıb-yaradacaq.

Ömrü hələ çox çapacaq-

Köhləninin yalı tərli,

Şair Musa Ələkbərli.

Hər misrası dolğun əsər,

O, vulkandı, od püskürər.

Bir söz üstə qan-tər tökər-

Başın uca, döş təpərli,

Şair Musa Ələkbərli.

60 gedər, 80 gələr,

90 gözün 100-ə dirər.

Bu illəri birər-birər-

Dadar bal tək, tət-təhərli,

Şair Musa Ələkbərli.

Umacağı yox kimsədən,

Məna umar hər kəlmədən.

Hər meyvəsi ruh gətirən-

Bir bağ görsən bər-bəhərli,

Şair Musa Ələkbərli.

Şair dostum, yaşa, yarat,

Hər şeirin dosta barat.

Meydanlı da bir zarafat-

Şeir qoşdu fərsiz, fərli,

Şair Musa Ələkbərli.

Fəxrəddin MEYDANLI,

şair-publisist

Təzadlar.- 2010.- 10 aprel.- S.15.

Published in: on Avqust 11, 2010 at 10:19 səhər  Şərh yaz  

“MƏHƏBBƏTDİR QƏLBİN ŞAHI…”

(Fəxrəddin Meydanlının şeirləri haqqında)

O, ixtisasına görə iqtisadçıdır, bu sahənin ən gözəl mütəxəssislərindən biridir, elə indi də bu sevimli işindən, peşəsindən ayrılmayıb.

Lakin mən onun şeirlərindən söz açmaq istəyirəm. Qeyri sənət sahiblərinin bədii yaradıcılıqla məşğul olması gözlənilməz hal deyil. Şairlikdə əsas amil İSTEDADdır. Əllinci illərdə gələcəyin böyük şairi, APİ-nin coğrafiya fakültəsinin tələbəsi Məmməd İbrahimov(Məmməd Araz) institutun müəllimi, həm də ədəbiyyat dərnəyinin rəhbəri İsmayıl Şıxlıya yaxınlaşıb deyir ki, olarmı, mən də sizin dərnəyə gəlim, şeirlərimi oxuyum. İsmayıl müəllim gənc Məmmədə deyir ki, gəl, şairlik üçün sənəd və diplom lazım deyil. Fəxrəddin Meydanlı da şeirə, sənətə çoxdan könül verib, bəlkə də uşaqlıqdan, ilk gənclik illərindən.

İndi bir neçə şeirlər kitabı var, ədəbi məclislərdə, şeir gecələrində müntəzəm iştirak edir, 55 yaşının tamamında isə “Həyatın yolları keşməkeş – Fəxrəddin Meydanlı-55” adlı bir kitab da nəşr etdirib və bu kitabda qələm dostları Fəxrəddinin yaradıcılığı barədə ürək sözlərini deyirlər. Elə söhbətimizə də həmin kitabdan bəzi misallarla başlamaq istəyirəm.

Müasir poeziyamızın ağsaqqallarından biri, gözəl şairimiz İlyas Tapdıq yazır: “Şirvan ədəbi məktəbi bütün Şərqin şeir üslubunu əhatə etmiş, ədəbiyyatımızın iftixarına çevrilmişdir. Şirvanın sənətsevən adamları bu gün də həmin müqəddəs yolu davam etdirirlər. Onlardan biri də ..ürəyi yaratmaq eşqilə çırpınan Fəxrəddin Meydanlıdır”.

Görkəmli nasir Nahid Hacızadəni dinləyək: “Fəxrəddin Meydanlı lirik şairdir. Şeirlərindəki axıcılıq, melodiya onu musiqiyə yaxınlaşdırır, onunla doğmalaşdırır”.

Mərhum yazıçımız Əlibala Hacızadə isə yazırdı: “Mən onun “Sevdalı könüllər” və “Azərbaycan torpağı-gözəlliklər diyarı” şeirlər kitablarını oxumuşam və şeirlərini çox bəyənmişəm. Fəxrəddin Meydanlı əsasən lirik şeirlər yazır və insan qəlbinin istək və çırpıntılarını qələmə almağa çalışır”.

İstedadlı şairə Fərqanə Mehdiyeva deyir: “Şair gərək zamanın ruhu ilə yaşasın, dünyanın dərdlərini daşısın, öz içində özünəməxsus aləm yaratsın. Fəxrəddin Meydanlı öz içində öz dünyasını yaradan, yaşadan şairlərimizdəndir”.

Bu ürək sözlərini ona görə xatırlatmıram ki, Fəxrəddin Meydanlının şairliyini təsdiq edim, ya da onun professional şair olduğuna sübutlar-dəlillər gətirim. Ona görə xatırlatdım ki, Fəxrəddin Meydanlı artıq bizim müasir poeziyanın sakininə çevrilib və onun şeirləri barədə bir qədər təfərrüatı ilə söz açmaq vaxtı çatıb.

Fəxrəddin Meydanlı ənənəyə bağlı şairdir, bütün şeirləri heca vəznindədir, xalq şeiri formasındadır. Ancaq əsas məsələ odur ki, şeirin dəyərini vəzn və forma yox, içindəki poetik məna, oxucuya demək istədiyin bədii həqiqət təyin edir. Onun “Sevənlər qocalmır” kitabındakı şeirlərin əksəriyyəti məhz ŞEİR kimi yadda qalır. Mənə ən xoş təsir bağışlayan onun kəndlə, təbiətlə bağlı şeirləridir.Bu şeirləri oxuyanda uşaqlığını, ilk gəncliyini xatırlayırsan və Fəxrəddinin təsvir etdiyi lövhələrin gözəlliyinə heyran qalırsan.

Yaz axşamlarının öz gözəlliyi,

Ulduzu sanayıb Aydan keçəndə.

Dovğa bişirməkçün yığ əvəliyi

Balağı çirməkli çaydan keçəndə.

Təbiətdə təkcə gözəllik deyil, həm də insanla doğmalıq, ünsiyyət axtaranda, necə deyərlər, cəmiyyətdən təbiətə, təbiətdən də cəmiyyətə boylananda şeirin mənası fəlsəfi bir ahəng alır:

Daş daşa dəyəndə qığılcım saçar,

Əldən ələ keçər qəlb hərarəti.

Bir başa daş düşsə əlacsız, naçar,

Əl var, daşdan ağır, qılıncdan iti.

Daş var, cilalanıb heykələ dönər,

Əl var, başdan uca, yolgöstərəndi.

Daş var, yerə düşsə bu həyat sönər,

Əl var, işıqkəsən, közsöndürəndi.

Daş daşa söykənsə, dağ da yaradar,

Əl-ələ söykənsə gücü tükənməz.

Hər daş ayrılıqda gözü qaraldar,

Əl üstə əl olsa, bir ocaq sönməz.

Fəxrəddin Meydanlı təbiəti duyan şairdir; otun, gülün, çiçəyin, dağın, dərənin, çayın, bulağın, meşənin dilini bilən şairdir.Ancaq o, təbiəti təsvir edəndə insanı da o təbiətin qoynunda görür. Mən deyərdim, onun şeirlərində bütün fəsillər təkcə öz iqliminə görə deyil, insan duyğularına görə rəsm edilib. Deyərdim ki, o, baharı çox sevir, düz olmazdı, çünki payız da onun çox sevdiyi fəsildir, qış da, yay da. Bu baharlı, payızlı, yaylı, qışlı şeirləri bir yerə toplasan, bir neçə poetik rənglər silsiləsi yaranar. Xüsusilə, onun NOVRUZ şeirləri mənə daha çox xoş gəldi.

Bahar fəsli, süb obaşdan,

Şux görünər nar çiçəyi.

Soldurarmı çovğun, boran,

Sənin təki tər çiçəyi?

Bu, baharın rəsmidir. Amma görün, payız üzünüzə necə gülümsəyir:

Qızıl payız yarpaqları

yaxasını saraldar,

Topa-topa bulud gələr

göyün üzün qaraldar.

Sel gələndə çaylar daşar,

basar yolu-irizi,

Düzənliklər bir anlığa

xatırladar dənizi.

Maraqlıdır ki, Fəxrəddinin sevgi şeirlərində də fəsillərin gözəlliyini hiss edirsən. Məsələn, onun qış fəslinə həsr etdiyi şeirlərdə insan-təbiət vəhdəti duyulur, qışın ən şaxtalı, çovğunlu anlarında da lirik qəhrəman sevgilisini arzulayır.

Müasir dövrdə sevgi şeirləri həddindən artıq boldur, amma bu kəmiyyətdə çox zaman məhz keyfiyyət çatışmır. O şeirlərdə yaşanılmayan duyğular, ürəkdən keçməyən və ürəyi yandırmayan hisslər özünə yer tapır. Fəxrəddinin sevgi şeirlərində səmimiyyət və təbiilik diqqəti cəlb edir. Bu şeirləri oxuyursan və anlayırsan ki, insan niyə sevir, necə sevir.. Nikbinliyi ilə seçilir bu şeirlər. Yəni SEVƏN AŞİQ adicə bir ingiklikdən, küskünlükdən ağlamır, sızlamır, necə deyərlər, “ölüb-dirilmir”, o, özündə bu sevgini yaşatmağa daxili qüvvə tapır.

Yamacda yağışdan sonra cücərən,

Çəmənin şehi var ayaqlarında.

Sən bir gül ağacı, mən də becərən,

Qanımın rəngi var yanaqlarında.

Fəxrəddin Meydanlının lirik şeirlərinə çoxlu bəstələr yazılıb. Deyirlər ki,mahnı mətnləri zəif, ortabab şeirlərdən də düzələ bilər, təki o şeirdə ritm, ahəng olsun. Əlbəttə, bu fikir yanlışdır. Hər hansı bir mahnı mətninin əsasını şeir təşkil edirsə, o şeir ortabab və zəif şairin, qrofoman şairin qələmindən çıxmayıbsa, onu ilhamlı şair yazıbsa, şeir öz şeirliyini saxlamalıdır.Məsələn, Fəxrəddinin bir şeiri var ki, istənilən bir bəstəçi onu musiqiyə qovuşdura bilər:

Sənin baxışların ildırımmıdır,

Yandırdı qəlbimi, şığıdı keçdi.

Bu dilbər mələkmi, ya insanmıdır,

Bilmirəm, bəlkə də yuxudu, keçdi.

Gözlərində yanan nurmu, incimi,

Bu yeni sevdanın ilk sevincimi?

Deyəndə mən ona, güldü, könlümü,

Bildim ki, gözümdən oxudu, keçdi.

Allanır yanağın üzün güləndə,

Bir dəstə çiçəksən yaşıl çəməndə,

Gözlərin könlümü saldı kəməndə,

Baxışın sinəmdən oxudu, keçdi.

Ümumiyyətlə, Fəxrəddin Meydanlının əksər şeirlərində SEVGİ OBRAZI başdadır, yəni onun hər şeirində bir sevgi çağlayır. Bu sevgi öncə ALLAHA, Tanrıya doğru getdiyin, üz tutduğun yolda sənin könlünü nurlandırır. Sən Allaha qovuşmağa can atırsan. Çünki Allah “OL” deməklə oldu bu dünya. Haqqın dərgahına yoldu bu dünya.

Nə gözəl yaradıb ALLAH insanı,

Yusifin gözüylə Züleyxaya bax.

İnsan doğulandan ölənə qədər YOL gedir. Bu yol çox maniələrdən, sıldırımlardan keçir, axır səni HAQQA qovuşdurur. Sən Şəriət, Təriqət, Mərifət və Həqiqət yoluyla HAQQA qovuşmalısan. Fəxrəddinin “Yollar” silsiləli şeirlərində HAQQA doğru gedən nurlu bir insanın izini gördüm. Mən şeir yolunda da Fəxrəddinə beləcə uğurlar arzulayıram.
VAQİF YUSİFLİ
Oxunub: 350
Digər xəbərlər
GÜNÜN LƏTİFƏSİ (348)
Gözaydınlığı (349)
QALİBMİ, MƏĞLUBMU… (331)
KOORDİNASİYA GÜNÜN TƏLƏBİDİR (343)
“MƏHƏBBƏTDİR QƏLBİN ŞAHI…” (350)
(Fəxrəddin Meydanlının şeirləri haqqında)
İdaliya Poletika: Üçüncü şöbənin “madam intriqpast”ı (317)
TELEKANALLARIMIZ (374)
(Televiziya kanallarımızla bağlı bəzi mülahizələr)
MƏRYƏM ƏLİZADƏ-60 (357)
TƏBRİKLƏR
“Ədalət”i bələdçi seçdim (367)
Havar Məmmədov: Kütləvi davanın iştirakçıları arasında universitetimizin tələbələri olmayıb (353)
Prokurorluq sistemində yeni təyinatlar (343)
Nobel mükafatçısı Qubada huşunu itirdi (342)

Published in: on Avqust 11, 2010 at 9:46 səhər  Şərh yaz